ELM VƏ TƏHSİL
Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri araşdırılıb
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda on yeddinci beynəlxalq elmi konfrans keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, plenar iclasda universitetin rektoru, professor Fərəh Əliyeva diqqətə çatdırıb ki, 2002-ci ildən bu ali məktəb tərəfindən hər il təşkil olunan konfransın məqsədi türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir.
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, professor Asif Rüstəmli və digər çıxış edənlər konfransın işinə uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan Xalq Cümhuriyyətinin idealları və müasir dövr”, professor Anna Oldfredin “ABŞ-da “Kitabi-Dədə Qorqud”: ədəbiyyat və epik musiqi vasitəsilə türk mədəniyyətlərinin tədrisinin transformativ təsiri” mövzularında məruzələri dinlənilib.
Sonra konfrans işini “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”, “Türksoylu xalqların bədii mədəniyyəti müasir mərhələdə: problemlər və perspektivlər”, “Türk xalqlarının musiqi mədəniyyəti: ənənə və müasirlik” bölmələri üzrə davam etdirib.
Beynəlxalq tədbirdə respublikanın müxtəlif ali təhsil ocaqlarından nümayəndələr, eyni zamanda, Türkiyə, İran, Macarıstan, ABŞ, İngiltərə və digər ölkələrdən tədqiqatçı və mütəxəssislər iştirak ediblər.
Konfransın materialları toplu şəklində çap olunub.