REGİONLAR
UCARDA BU İL ÇƏLTİK ƏKİNİ SAHƏLƏRİ XEYLİ ARTACAQDIR
Ucar rayonunun torpaq mülkiyyətçiləri son illər çəltikçiliyə ciddi maraq göstərirlər. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, sovetlər birliyi dövründə Ucarda hər il orta hesabla 1000 hektar sahədə çəltik yetişdirilirdi. Ötən əsrin 90-cı illərindən sonra bu sahə tamamilə unudulmuşdu. Son üç-dörd ildir ki, torpaq mülkiyyətçiləri çəltikçiliyə yenidən maraq göstərməyə başlamışlar. Rayonda əkin sahələri inişil 136 hektar idisə, ötən il bu 200 hektara çatmışdır. Mütəxəssislərin qənaətinə görə bu il çəltik əkini sahələri 250 hektaradək artacaqdır.
Çəltikçiliyə maraq, hər şeydən əvvəl, yerli bazarlarda öz keyfiyyəti ilə seçilən və bu məhsula artan tələbatla əlaqədardır. Rayonda hər hektardan orta hesabla 2-3 ton məhsul götürülür ki, bu da ailə büdcəsinə xeyli gəlir gətirir. Eyni zamanda, çəltik torpaqların saflaşmasına da ciddi təsir göstərir. Bu da torpaq sahibləri üçün ciddi amildir.
Ucarda çəltik ən çox Şahlıq kəndi ərazisində yetişdirilir. Cari ildə Bərgüşad, Küçəkənd, Əlikənd, Ramal Bağban kəndlərinin sakinləri də çəltik əkəcəklər. Bu məqsədlə kifayət qədər toxum tədarük olunmuş, sahələr əkinə hazırlanmışdır.
Torpaq mülkiyyətçiləri aprelin ikinci ongünlüyündən etibarən səpinə başlayacaqlar.