İDMAN
UEFA Çempionlar Liqası: “Ayaks” qələbəni əldən verib
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir mərhələsinin ilk görüşlərinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
Gecənin maraqla gözlənilən matçı İspaniyada Madrid “Atletiko”su ilə İngiltərənin “Mançester Yunayted” komandası arasında olub. “Vanda Metropolitano” stadionunda oynanılan görüş heç-heçə başa çatıb. Oyunda ilk qolu 7-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Joao Feliks vurub. Qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Antoni Elanqa “qırmızı şeytanlar”ı məğlubiyyətdən xilas edib.
Digər matçda isə Niderland “Ayaks”ı Portuqaliyada “Benfika” ilə qarşılaşıb. “Eştadiu du Benfika” stadionundakı görüşdə də qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. Duşan Tadiç adını tabloya yazdırıb. 26-cı dəqiqədə meydan sahibləri tarazlığı bərpa ediblər. Sebastyen Allye avtoqol müəllifi olub. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni isə 72-ci dəqiqədə “Benfika”nın ukraynalı hücumçusu Roman Yaremçuk qoyub.
Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.