İDMAN
UEFA Çempionlar Liqası: Rusiyanın CSKA klubu “Real Madrid”i məğlub edib
Bakı, 3 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 2-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin ikinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ən gözlənilməz hesabı G qrupunda qeydə alınıb. Moskvadakı “Lujniki” stadionunda keçirilən görüşdə Rusiyanın Mərkəzi Ordu İdman Klubu (CSKA) UEFA Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” komandasını qəbul edib. Görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 2-ci dəqiqəsində Nikola Vlasiç vurub. Qarşılaşmanın 90-cı dəqiqəsində CSKA-nın qapıçısı İqor Akinfeyev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qrupun digər oyununda “Roma” klubu “Olimpiko” stadionunda İsveçrənin “Viktoriya Plzen” komandasına böyük hesabla qalib gəlib – 5:0. “Roma”nın Bosniya və Herseqovinadan olan legioneri Edin Dzekonun het-trik etdiyi matçda digər qolları Cengiz Ünder və Castin Klüvert vurublar.
E qrupunda yer alan Almaniyanın “Bavariya” klubu doğma meydanda xal itkisi ilə üzləşib. Almaniya təmsilçisi matçın 2-ci dəqiqəsində Mats Hummelsin qolu ilə hesabı açsa da, “Ayaks” 17 dəqiqə sonra cavab qolunu vurub. Matç 1:1 hesabı ilə başa çatıb. Qrupun digər oyununda Portuqaliyanın “Benfika” klubu səfərdə Yunanıstanın AEK komandasını 3:2 hesabı ilə məğlub edib.
F qrupunda ilk turda doğma meydanda gözlənilmədən Fransanın “Lion” klubuna məğlub olan “Mançester Siti” səfərdə Almaniyanın “Hoffenhaym” klubu ilə qarşılaşıb. Almaniya təmsilçisi matçın 57-ci saniyəsində hesabı açıb. Kerem Demirbayın gözəl ötürməsini İsak Belfodil dəqiq zərbə ilə tamamlayıb - 1:0. Lakin “Mançester Siti”nin bu qola cavabı çox gecikməyib. Qarşılaşmanın 8-ci dəqiqəsində ingilislərin almaniyalı hücumçusu Leroy Sane iki müdafiəçini keçərək Kun Aqueraya ötürmə verib. Sonuncu isə fürsəti əldən verməyərək hesab bərabərləşdirib - 1:1. Qalan dəqiqələrdə var gücü ilə hücuma atılan Pep Qvardiolanın yetirmələri 87-ci dəqiqədə David Silvanın qolu sayəsində vacib üç xalı qazanıblar.
Qrupun digər oyununda “Lion” doğma meydanda “Şaxtyor” klubu ilə görüşdə hesabda geri düşməsinə baxmayaraq (0:2), geri dönüş edərək məğlubiyyətdən xilas olmağı bacarıb - 2:2.
H qrupunda yer alan “Yuventus” klubu ev oyununda İsveçrənin “Yanq Boyz” klubunun qapısından üç cavabsız top keçirib. Qrup mərhələsinin birinci turunda Kriştiano Ronaldo “Valensiya” ilə görüşdə qırmızı vərəqə ilə cəzalandırıldığından bu oyunu buraxmalı olub. Buna baxmayaraq, ilk dəqiqələrdən gözəl oyun nümayiş etdirən “qoca sinyora” 5-ci dəqiqədə argentinalı legioner Paolo Dibalanın qolu ilə hesabı açıblar. Oyunun 33-cü və 69-cu dəqiqələrində də adını tabloya yazdıran Dibala het-trikini rəsmiləşdirib.
Qrupun digər qarşılaşmasında isə “Mançester Yunayted” klubu “Old Trafford”da İspaniyanın “Valensiya” klubu ilə qarşılaşıb. Komandaların cəhdlərinə baxmayaraq, qapılara top vurulmayıb.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun digər görüşləri oktyabrın 3-də oynanılacaq.