İDMAN
UEFA Millətlər Liqası: Kipr və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə ikinci oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də millimiz Nikosiyadakı GSP stadionunda Kipr yığmasının qonağı olacaq.
Komandaların matç üçün start heyətləri açıqlanıb.
Azərbaycan millisinin heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Rəhim Sadıxov və Ramil Şeydayev çıxacaqlar.
Kipr komandasının ilk onbirliyində isə Haralambos Kiriakidis, Andreas Karo, Valentinos Sielis, Haralambos Kiryaku, Dimitris Xristofi, Pyeros Sotiriu, İoannis Kusulos, Kostas Laifis, Qriqoris Kastanos, Marinos Tsionis və İoannis Pittas yer alıblar.
Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.
Lüksemburq yığması ilə matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq. Kipr seçməsində isə Nikolas İoannu öz istəyi ilə heyətdən çıxarılıb.