ELM VƏ TƏHSİL
UFAZ: Geofizika və geologiya mühəndisliyi ixtisası üzrə tələbələrin sahə təcrübəsi başa çatıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geofizika və geologiya mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbələrinin sahə elmi təcrübəsi başa çatıb.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, sahə təcrübəsinin məqsədi Azərbaycanın keçmiş landşaftlarının görünüşünü və geoloji tarixini yenidən öyrənmək və qayalarda gizlənmiş mesajı deşifrə etmək olub.
Bunun üçün tələbələr Şamaxı, İslamdağ, Qırmaqı vadisi, Xınalı Xızı dağları (Xızı yolu) və Yasamal vadisində olublar. Onlar müxtəlif növ analizlər apararaq süxurları və onların əmələ gəlmə üsullarını müəyyən ediblər. Tələbələr, həmçinin müxtəlif alətlərdən istifadə etməyi, stratiqrafik sütun çəkməyi və ətraf mühitin keçmiş mənzərələrinin zamanla təkamülünü təyin etməyi öyrəniblər.
Tələbələr çöküntülərin həndəsəsini təyin etmək və qıvrımları müəyyən etmək üçün kompasdan istifadə etmək bacarığı da qazanıblar. Beləliklə, onlar tektonik plitələrin hərəkətinə cavab olaraq, bu süxurların çökməsindən sonra deformasiyasını başa düşüblər. Sahə təcrübəsi tələbələrə ilk üç ildə əldə etdikləri bilikləri tətbiq etmək imkanı yaradıb.
Təcrübə zamanı tələbələrə Strasburq Universitetinin müəllimi Quentin Boesch, UFAZ müəllimləri Elşən Abdullayev və Arzu Cəbrayılova rəhbərlik ediblər.