ELM VƏ TƏHSİL
UNEC-də “Bilik əsaslı iqtisadiyyata keçid: Potensial imkanlar” mövzusunda forum keçirilib VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik əsaslı iqtisadiyyata keçid: Potensial imkanlar” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forum UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və “Yüksək Texnologiyalar Parkı” MMC-nin birgə əməkdaşlığı, “Bank Respublika”nın maliyyə dəstəyi ilə təşkil olunub.
Forumda UNEC-in rektoru, professor Ədalət Muradov bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətindən danışıb. Müasir dövrdə sırf praktikaya əsaslanan kadr hazırlığının o qədər də faydalı olmadığını qeyd edən rektor nəzəri biliklərlə təcrübənin vəhdətinin zəruriliyini vurğulayıb. UNEC-də tədrisin, kadr hazırlığı prosesinin praktikanın tələblərinin nəzərə alınmaqla həyata keçirildiyini deyən rektor real sektor ilə geniş əməkdaşlığın qurulduğunu qeyd edib.
Rektor bildirib ki, universitetdə tədrisin praktika ilə uzlaşdırılmasına xüsusi diqqət yetirilir, II ixtisas qrupu üzrə yeni tədris standartları hazırlanır və real sektor ilə birgə yeni tədris proqramı işlənir. UNEC-in iş dünyası ilə birlikdə strateji əməkdaşlıq istiqamətlərindən biri “UNEC2B” platformasıdır. Layihə çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılmasında, sahibkarlıq universiteti modelinin yaradılmasında və məzunların işlə təmin olunmasında birgə fəaliyyət təmin edilir.
Forumda “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli universitet-dövlət-sənaye əməkdaşlığının aktuallığından və inkişaf perspektivlərindən bəhs edib. Parkın texnologiyalar sahəsində “startap”lara dəstək olduğunu deyən T.Kərimli bilik iqtisadiyyatına keçidin məhz institusional, real və təhsil sektorunun birgə əməkdaşlığı ilə mümkün olacağını qeyd edib. Dünyada iri şirkətlərin öz laboratoriyalarının fəaliyyətini məhdudlaşdıraraq elmi bazalarını artıq təhsil müəssisələrinə keçirdiyini vurğulayan T.Kərimli texnologiyalar parklarının investisiya məkanından daha çox özəl sektorun aktiv iştirakçısına çevrildiyini bildirib.
“Bank Respublika”nın baş direktoru Elşad Vəliyev tədbirin zəruriliyini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.
Sonra təqdimatlarla davam edən tədbirin ilk panelində “Bilik iqtisadiyyatı indeksinin kriteriyaları” mövzusu ətrafında UNEC-in beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müdiri Altay İsmayılov çıxış edib. Məruzəçi bilik iqtisadiyyatı indeksinin kriteriyaları, bilik iqtisadiyyatı çərçivəsində U-D-S (Universitet-Dövlət-Sənaye) modelinin tətbiqi mexanizmi, innovasiya ekosistemi, texnologiyanın transferi və s. məsələlər barədə danışıb.
Forum çərçivəsində UNEC Empirik Tədqiqatlar mərkəzinin direktoru Xətai Əliyev bilik iqtisadiyyatı konsepsiyası, bilik indeksi barədə ətraflı məlumat verib.
Forumun ikinci panelində Milli İnnovasiya Sisteminin (MİS) bilik iqtisadiyyatında mövqeyi, İKT-nin inkişaf mərhələləri və bilik iqtisadiyyatına keçid mövzusunda çıxışlar olub. Məruzələrdə MİS-in inkişaf etməkdə olan ölkələrin innovasiya modelinin formalaşmasında əhəmiyyətli rolu vurğulanıb.
Daha sonra “Bilik iqtisadiyyatında yeni təhsil paradiqmaları: universitetlərin dəyişən rolu” və “Bilik iqtisadiyyatının formalaşmasının iqtisadi və institusional çərçivəsi” mövzularında çıxışlar dinlənilib, təhsilin və institusional çərçivənin bilik iqtisadiyyatının formalaşmasında mövqeyi müzakirə edilib.
Forumda dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.