ELM VƏ TƏHSİL
UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı keçiriləcək
Bakı, 22 aprel, AZƏRTAC
Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın mövzusu “Azərbaycan.Lider.Tərəqqi”dir. Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir.
TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Liderin Azərbaycanı” mövzularında məruzə ilə çıxış edəcəklər.
Konfransda iştirak haqqı 15 manatdır. Ödənişlər asanpay.az portalında “Təhsil ödənişləri” - “Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə onlayn həyata keçirilir.