ELM VƏ TƏHSİL


UNEC-də beynəlxalq konfrans: Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Multikulturalizm Mərkəzi və Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi” mövzusunda beynəlxalq konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, şöbə müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən konfransda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov mövzunun aktuallığını vurğulayıb. O qeyd edib ki, Kəlbəcərdə olan Xudavəng alban məbədi Azərbaycanın ən böyük monastır kompleksidir. Azərbaycan multikultural xalqdır və min ildən çoxdur ki, Xudavəng məbədi qorunub saxlanılır. İşğal altında olan torpaqlarımızın azad olunması nəticəsində Xudavəng monastırı əsl sahiblərinə geri qaytarıldı, bu məbəd təkcə ölkəmizin deyil, bütün dünyanın ən önəmli məbədlərindən biri kimi ziyarət edilir.

UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva Qafqaz Albaniyası abidələrinin Azərbaycan xalqının tarixi-mədəni mirası olduğunu bildirib. O qeyd edib ki, ermənilər xüsusilə XX əsrin sonlarından Azərbaycana qarşı işğal siyasətinə başlayıb, əsrlərlə qoruyub saxladığımız tarixi abidələrin çoxunun məhvinə səbəb olub, 30 ilə yaxın erməni işğalı altında qalmış 1000-dən artıq tarixi abidələrimiz, o cümlədən alban məbədlərimiz vəhşicəsinə dağıdılaraq viran edilib, qalanları isə saxtalaşdırılaraq erməni kilsəsi kimi təqdim edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı ordumuz sayəsində 44 günlük müharibədə doğma torpaqlarımızla birlikdə, tarixi abidələrimiz də işğaldan azad edilib, Qarabağ abidələri və tarixi haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Qarabağ qısa müddətdə Azərbaycanın digər bölgələri kimi, multikultural dəyərlər məkanına çevriləcək.

Azərbaycan Respublikasının Alban-udi xristian dini icmasının sədri Robert Mobili Kəlbəcərin incisi olan, udilər üçün xüsusi yer olan Xudavəng məbədinin tarixi irsimizdəki yerindən danışıb. Bu gün dövlətimizin himayəsində olan həmin məbədlərimizin yenidən bərpa olunacağını, qısa zamanda bu alban məbədlərinin həm ziyarətgah, həm də turizm üçün bütün dünyaya açıq olacağını deyib.

Xudavəng monastırının vaizi Rafik Danakari monastırın öz sahiblərinə geri qayıtmasından böyük qürur hissi keçirdiyini bildirib. O, uzun illərin həsrətindən sonra doğma monastırda dua etdiklərinin sevincini yaşadığını deyib.

Volqoqrad Dövlət Qulluğu Akademiyasının Tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari, Toronto Universiteti Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova, Niderland-Azərbaycan Evinin (NAE) sədri Elxan Mirhəşimli, NAE-nin mətbuat katibi Lalə Aydəmirova Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də mədəni-tarixi irsinin dünyaya tanıdılması istiqamətində görülən tədbirlərdən söz açıblar.

Çıxışlarda Qafqaz Albaniyası irsinin Kanadada, Avropada tanıdılması, UNEC Multikulturalizm Mərkəzinin apardığı tədqiqatların xarici mediada işıqlandırılması, Avropa universitetləri ilə birgə konfransların təşkil edilməsi təklif olunub. Eləcə də həm Avropa, həm də azərbaycanlı gənclərin Qafqaz Albaniyası irsi ilə bağlı maarifləndirilməsi istiqamətində də əməkdaşlığın vacibliyi vurğulanıb.

Sonda professor Məhəbbət Paşayeva konfrans iştirakçıları tərəfindən səsləndirilən təkliflərin dəyərləndiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.