ELM VƏ TƏHSİL


UNEC-də əməkhaqları artırılıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin ilk Elmi Şurasının iclası keçirilib. İclasda universitetin İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor, professor Ədalət Muradov Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu sosial siyasətdən söz açıb. Rektor, bu siyasətin Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrildiyini vurğulayıb, davamlı olaraq həyata keçirilən sosial siyasətin ənənə halını aldığını diqqətə çatdırıb. Rektor universitetin əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əməkhaqlarının 20 faiz, Zaqatala filialında çalışan əməkdaşların əməkhaqlarının isə orta hesabla 30 faiz artırılması barədə təkliflə çıxış edib.

Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əməkhaqqı 1882 manat, dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əməkhaqqı isə 950 manat təşkil edəcək. Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq. Göstərilən dövr ərzində professorların əməkhaqqı 2,1 dəfə artıb.

UNEC Biznes Məktəbinə yüksəkixtisaslı müəllimlərin cəlb edilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin məktəbdə saathesabı qaydada dərs deyən pedaqoji heyət üzvlərinə ödənilən məbləğin bir saata görə 30 manatadək artırılması təklif olunub.

Təklif Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şurada UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və eləcə də professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə onlara “Tədqiqatçı” statusunun verilməsi haqqında qərar qəbul edilib. Bildirilib ki, bu status verilən professor-müəllim heyəti üzvünün akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əməkhaqları əlavə olaraq 50 faiz artırılacaq. Beləliklə, “tədqiqatçı professor” statusu alan professorlar diferensial əməkhaqqı sisteminə görə ödənişlərlə birlikdə 5 min manatdan yüksək əməkhaqqı ala biləcəklər.

İclasda yeni tədqiqat mərkəzlərinin yaradılması barədə qərar qəbul olunub. Qeyd edilib ki, Elmi Şuranın qərarı ilə UNEC-də Kölgə İqtisadiyyatı, Səhiyyə İqtisadiyyatı, Çin İqtisadiyyatı Tədqiqat mərkəzləri, İslam Maliyyə Mərkəzi yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.