ELM VƏ TƏHSİL
UNEC-də maliyyə ixtisasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanır
Bakı, 16 may, AZƏRTAC
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) strateji planı çərçivəsində bu ali məktəbdə elmi seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov seminarın məqsədinin maliyyə ixtisası üzrə ali təhsil proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq olduğunu bildirib. Professor maliyyə ixtisası üzrə tədris olunan fənlərə “Alternativ bankçılığ”ın (İslam bankçılığı) əlavə edilməsi barədə müzakirələr aparılmasının vacibliyini qeyd edib. Bu fənnin tələbələrə qazandıracağı biliklər, tətbiq istiqamətləri haqqında fikir mübadiləsinin aparılmasının faydalı olacağını bildirib.
Tədris-metodiki mərkəzin direktoru, dosent Eldar Azadov maliyyə ixtisasına daxil olan fənlərin dəyişdirilməsi, yeni fənlər üzrə tədris planının formalaşması barədə məlumat verib.
Seminarda “BERC Group” şirkətinin maliyyə meneceri Samir Ağayev “Alternativ bankçılıq” mövzusunda təqdimatla çıxış edib. O, alternativ bankçılığın əhəmiyyəti, ənənəvi bankçılıqdan fərqi və fəaliyyət prinsiplərindən danışıb.