CƏMİYYƏT
UNICEF “Hyuman rayts uotç” təşkilatının narahatlığını bölüşür
Bakı, 29 iyul, AZƏRTAC
UNICEF “Hyuman rayts uotç” hüquq müdafiə təşkilatının milli təhlükəsizliyə təhdid bəhanəsi ilə tutulan uşaqlara amansız münasibət haqqında məruzəsini alqışlayıb. İŞİD və “Boko haram” kimi silahlı ekstremist qruplaşmaların artması ümumi diqqəti silahlı münaqişələrin qurbanına çevrilən, habelə silahlı qruplaşmaların sıralarına cəlb olunan uşaqların bu münaqişələrdə durumu probleminə cəlb edib.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun 2011-ci ildən başlayaraq silahlı münaqişələrdə iştirak etməkdə şübhəli bilinən uşaqların tutulması barəsində narahatlığını dəfələrlə bildirib. Əfqanıstan, İraq, İsrail, Nigeriya, Somali və Suriya kimi ölkələrdə yüzlərlə uşaq istənilən vaxt heç bir səbəb, dəlil-sübut olmadan, habelə ailə üzvlərinin terror aktlarında iştirakı ehtimalı ilə saxlanıla bilər. Onları çox vaxt vəkil hüququndan, münaqişədə iştirakını inkar etmək imkanından məhrum edir, qohumları və ailə üzvləri ilə görüşlərini məhdudlaşdırırlar. Onların çoxu məcburi dindirmə və işgəncələrə məruz qalır. Uşaqların həbsdə saxlanılması şəraiti çox vaxt yolverilməzdir, yemək və tibbi yardım çatışmazlığı aşkardır.
BMT-nin Uşaq Hüquqları Komitəsi ölkələrə müraciət edərək, onları uşaqlar barəsində cinayət işi açmamağa çağırıb. Çünki bir çox ölkələr mülki məhkəmələrin fəaliyyət göstərməsinə baxmayaraq, hərbi ədliyyə sistemi çərçivəsində uşaqların hərbi hakimiyyət orqanları tərəfindən tutulmasına və təqib olunmasına yol verirlər. Əslində, hərbi məhkəmələrdə yetkinlik yaşına çatmayan hüquq pozucuları haqqında əsasnamələr yoxdur.