MƏDƏNİYYƏT
U.ŞEKSPİRİN SAĞLIĞINDA NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ HƏRRACA QOYULACAQ
Məşhur Amerika kolleksiyaçısı Meri Haydın topladığı nadir nəşrlər arasında 1,5-2 milyon dollara satıla bilən kitablar var. Hərrac iştirakçılarına Şekspirin 1611-ci ildə nəşr olunmuş pyesləri təqdim ediləcəkdir. Onların arasında “Kral Lir”, “II Riçard”, “Makbet”, habelə dramaturqun sağlığında buraxılmış “Hamlet” əsərinin tam vəziyyətdə qorunub saxlanılmış yeganə nəşri də vardır.
2001-ci ildə “Kristi” hərracında Şekspir əsərlərinin XVII əsrdə nəşr edilmiş və hərracda ilkin qiyməti 2,3 milyon dollar olan birinci külliyyatı 6,2 milyon dollara satılmışdır.
Maraqlıdır ki, ədəbi dairələrdə dahi dramaturqun, həqiqətən, mövcud olub-olmadığı haqqında mübahisələr davam etməkdədir. Bu barədə bir sıra ağlasığmaz mülahizələr söylənir. Onlardan biri də budur ki, mifik Şekspirin adına çıxılan əsərlər, əslində, dahiyanə ədəbi saxtakarlıqdan başqa bir şey deyildir.