DÜNYA
ÜST: Digər ölkələr də Hindistandakı böhran təhlükəsi ilə üzləşə bilərlər
Cenevrə, 8 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yoluxmanın Hindistan nümunəsi əsasında digər ölkələrdə də sürətlə yayıla biləcəyi riskinə dair xəbərdarlıq edib.
Təşkilatın Fövqəladə hallar şöbəsinin rəhbəri Mayk Rayan bildirib ki, dünyanın bir çox ölkəsində pandemiyaya qarşı düzgün mübarizə tədbirləri həyata keçirilmir: “Bu virus yüksək dərəcədə hərəkət enerjisinə və kütləvi infeksiya gücünə malikdir. Biz çalışmalıyıq ki, yayılmanın sürətini ləngidək”.
M.Rayan konkret adlar çəkmədən bir sıra ölkələrdəki vəziyyətin Hindistanla oxşar şəkildə inkişaf etdiyini bildirib. Onun çıxışından sonra ÜST-nin Baş direktoru Tedros Qebreyesus Braziliya və Nepaldakı vəziyyətin gərgin olduğunu ifadə edib, başqa ölkələrdə də oxşar fövqəladə vəziyyətin yarana biləcəyini söyləyib. ÜST rəsmilərinin sözlərinə görə, peyvəndlər hələ ki, pandemiyaya qarşı yetərincə cavab vermək iqtidarında deyillər və istehsalatın yavaş getməsi, eləcə də dünyada peyvəndlərin qeyri-bərabər bölgüsü vəziyyəti daha da ağırlaşdırır.
ÜST tərəfindən verilən rəsmi məlumatlara görə, indiyədək dünyada 1,2 milyard peyvənd dozası tətbiq olunub, lakin onların 80 faizi dünyanın zəngin ölkələrinin payına düşür. T.Qebreyesus zəngin ölkələri peyvənd dozalarını ianə etməyə çağırıb. O, bu addımı təkcə insanpərvərlik addımı kimi deyil, eyni zamanda, zəngin ölkələrin marağına cavab verən məsələ kimi dəyərləndirib. Qeyd edilib ki, pandemiyanın davam etdiyi müddət ərzində dünyanın müxtəlif regionlarında yeni virus variantlarının meydana gəlməsi qaçılmazdır və bu da öz növbəsində yeni infeksiya dalğaları yarada bilər.
M.Rayan kifayət qədər peyvənd hazır olana kimi ölkələrin pandemiyaya qarşı indiyədək sınanmış metodlardan istifadəni davam etdirməyə çağırıb. O bildirib ki, Cənubi Afrika Respublikası timsalında virusun təhlükəli variantını müvafiq məhdudiyyətlər və mübarizə fəaliyyəti nəticəsində nəzarət altına almağı bacarıb. Ona görə də qapalı məkanlarda təmaslar, maskasız hərəkət və əl gigiyenasına riayət olunmaması, eləcə də virusun yayılmasına yol açan digər addımlardan çəkinmək lazımdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə