CƏMİYYƏT
ÜST: Son bir həftədə koronavirusa yoluxma hallarının sayı təqribən pandemiyanın ilk beş ayı ərzində qeydə alınan qədərdir
Bakı, 27 aprel, AZƏRTAC
Dünyada koronavirusa yoluxma hallarının sayı artıq doqquzuncu həftədir, koronavirus infeksiyası səbəbindən ölüm hallarının sayı isə ardıcıl olaraq altıncı həftədir ki, fasiləsiz artır.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu barədə Cenevrədə keçirilən brifinqdə bəyan edib. O deyib: “Dünyada COVID-19 pandemiyası getdikcə intensivləşir. Son bir həftədə koronavirusa yoluxma hallarının sayı təqribən pandemiyanın ilk beş ayı ərzində qeydə alınan qədərdir”.
Baş direktor vurğulayıb ki, “bir neçə regionda” yoluxma və ölüm hallarının sayı bir qədər azalsa da, “ölkələrin çoxunda COVID-19-un intensiv yayılması müşahidə olunur. Məsələn, Hindistanda bu baxımdan ağır vəziyyət yaranıb”.
Qebreyesusun sözlərinə görə, ÜST-nin 2600-dən çox əməkdaşı yerlərdə epidemioloji müşahidə aparılmasını, texniki məsləhətlər verilməsini və vaksinasiya işlərini dəstəkləməyə göndərib. ÜST rəhbəri deyib: “Vaksinasiyanın dəyərli olması indiyə qədər heç vaxt bu dərəcədə aşkar görünməmişdi”.