CƏMİYYƏT


ÜST başçısı: COVID-19-la bağlı yoluxma hallarının sayında artım gözlənilir

Bakı, 6 oktyabr, AZƏRTAC

Həftə ərzində sentyabrın 26-dan oktyabrın 2-nə kimi koronavirus infeksiyasına 2,9 milyondan çox insan yoluxub, 8,3 mindən çox insan ölüb. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, ötən yeddi günlə müqayisədə yoluxma hallarının sayı 6 faiz, ölüm hallarının sayı isə - 12 faiz azalıb.

Xəstəliklə bağlı yoluxma hallarında əhəmiyyətli azalma Afrika (32 faiz) və Qərbi-Sakit Okean regionunda (22 faiz) qeydə alınıb. Eyni zamanda bu göstərici Avropada artıb (8 faiz). Ölüm hallarının sayı Avropa (17 faiz) və Amerika (2 faiz) da daxil olmaqla, ÜST-nin bütün altı regionunda əhəmiyyətli dərəcədə azalıb.

Almaniya həftə ərzində ən çox - 400 214 yoluxma halı barədə məlumat verib. Ondan sonra ABŞ (312 125), Yaponiya (306 958), Çin (303 092) və Fransa (264 889) yer alıblar. ABŞ-da yeddi gün ərzində ən çox - 2 728 ölüm halı qeydə alınıb. Daha sonra Rusiya (711), Yaponiya (563), Çin (368) və Braziliya (286) qərarlaşıb, informasiya bülletenində qeyd olunur.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, "Avropada bir neçə ölkə COVID-19-a yoluxma halları, xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayında artım barədə məlumat verib". “Bu gözlənilməli idi, çünki hava soyuyur və insanlar birlikdə bağlı yerlərdə daha çox vaxt keçirirlər, ölkələrin əksəriyyəti isə virusun məhdudlaşdırılması ilə bağlı artıq tədbir görmür". " Biz COVID-19-la bağlı yoluxma hallarında artım gözləyirik", - deyə ÜST-nin baş direktoru bildirib. Onun sözlərinə görə, “omikron” indi dünyada koronavirusun üstünlük təşkil edən variantıdır və ÜST tərəfdaşları ilə birgə onun 300-dən çox altnövünü izləyir".

Oktyabrın 5-nə olan məlumata görə ÜST-yə pandemiya başlayandan bəri koronavirusa 616 427 419 yoluxan və 6 528 557 ölən barədə məlumat daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.