CƏMİYYƏT


ÜST: dünyanın 11 ölkəsində meymun çiçəyinə 80-ə yaxın yoluxma faktı təsdiqlənib

Bakı, 21 may, AZƏRTAC

Son bir həftə ərzində ÜST-nin Avropa regionuna daxil olan bir neçə ölkədə meymun çiçəyinə yoluxma halları qeydə alınıb.

Bu günə qədər ÜST-nin Avropa regionunda ən azı səkkiz ölkə - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniya son günlər meymun çiçəyinə yoluxma hallarının qeydə alınmasını bildirib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu yaxınlarda belə hallar meymun çiçəyinin endemik hesab edildiyi ölkələrdən kənarda - Avstraliya, Kanada və ABŞ-da da qeydə alınıb.

Meymun çiçəyi adətən virusun heyvan daşıyıcılarının yaşadığı Mərkəzi və Qərbi Afrikanın meşəlik ərazilərində rast gəlinən nadir xəstəlikdir.

ÜST-nin bəyanatında deyilir ki, bu günə qədər ümumilikdə 11 ölkədə 80-ə yaxın yoluxma halı təsdiqlənib, daha 50 hal isə araşdırılır.

“Avropa regionunda yay mövsümünə kütləvi toplantılar, festivallar və şənliklərlə daxil olduğumuza görə yoluxma hallarının daha çox olacağından narahatam...”, - deyə ÜST-nin Avropa regionu üzrə direktoru Hans Klyuge bildirib.

Meymun çiçəyi insanlar arasında birbaşa təmas, o cümlədən cinsi əlaqə və ya çirklənmiş materiallarla təmas yolu ilə ötürülür.

Meymun çiçəyi - simptomları adətən 14-21 gün davam edən, sonra öz-özünə sağalan bir xəstəlikdir. Adətən, infeksiya yüngül simptomlarla müşayiət olunur, dərinin zədələnmiş hissələrində qaşınma və ya ağrı hiss oluna bilər; bəzi hallarda infeksiya daha ağır formada keçə bilər.

Hazırda regionda yoluxma hallarının sayı nisbətən azdır, lakin onların bəzilərinin, göründüyü kimi, meymun çiçəyinin endemik olduğu ölkələrə səyahətlə əlaqəli olmadığı faktı narahatlıq doğurur.

Bir çox hallar cinsi yolla keçən infeksiyalar üzrə ixtisaslaşmış klinikalarda aşkar edilir. Hazırda virusun əhali arasında nə dərəcədə geniş yayıldığı aydın deyil, lakin yaxın günlərdə yoluxma hallarının artacağı gözlənilir.

ÜST-də qeyd edilib ki, bu xəstəliklə bağlı şübhəli insanlar testdən keçməli və təcrid olunmalıdır.

ÜST region ölkələri ilə sıx əməkdaşlıq edir, məlumat mübadiləsini təmin edir və yoluxma hallarının aşkarlanmasını və araşdırılmasını dəstəkləyir.

ÜST sürətlə inkişaf edən vəziyyəti izlədiyini və bununla bağlı yenilikləri dərc edəcəyini bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.