DÜNYA
Ujqorodda Macarıstan Mədəniyyət Mərkəzindəki yanğının izləri “Almaniya üçün alternativ” Partiyasına aparır
Berlin, 16 yanvar, AZƏRTAC
Ötən il Ukraynanın Zakarpatye vilayətinin Ujqorod şəhərində yerləşən Macarıstan Mədəniyyət Mərkəzinin yandırılmasının sifarişçisi qismində Almaniya vətəndaşı Manuel Oksenrayter çıxış edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Krakovda keçirilən məhkəmədə bu işdə əsas şübhəli bilinən Polşa vətəndaşı Mixal Prokopoviç bildirib.
M.Prokopoviçin etirafına görə, cinayətin yerinə yetirilməsi üçün icraçının tapılması tapşırığını o, məhz Oksenrayterdən alıb. Oksenrayter konkret tarix barədə, həmçinin yanğının necə törədilməsinin təfərrüatları barədə tapşırıqlar verib. Daha sonra o, hesabat üçün hadisənin baş verdiyi yerdən videoçəkiliş kadrlarını göndərməyi tələb edib. “rbb” mediaşirkəti bildirir ki, Prokopoviçə bütün əməliyyat üçün 1500 avro, həmçinin təyyarəyə bilet pulu ödənilib. Sifarişçi ilə əlaqə “Telegram” messenceri vasitəsilə yaradılıb.
Bu gün “Der Tagesspiegel” alman qəzeti xəbər verib ki, Manuel Oksenrayter Bundestaqın Baden-Vürtenberq Federal Əyalətində “Almaniya üçün alternativ” sağçı populist partiyasından olan deputat Markus Fronmayerin bürosunun əməkdaşıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin