SİYASƏT
“Ukraina-24” telekanalının tamaşaçıları növbəti dəfə Ermənistanın hərbi təxribatları barədə məlumatlandırılıb VİDEO
Kiyev, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin öz suveren ərazisini müdafiə etməsi, Ermənistan ərazisindən şəhərlərimizin raket hücumlarına məruz qalması barədə danışıb.
Elçin Əmirbəyov bildirib ki, Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri, işğalçılıq siyasəti davam edir. Təcavüzkar ölkə Azərbaycan torpaqlarını işğal altında saxlamaqla status-kvonu qorumağa çalışır.
“Azərbaycanın ikinci şəhəri olan Gəncə Ermənistan ərazisindən raket hücumlarına məruz qalıb. Tarixi abidələr, evlər dağıdılıb, ölən və yaralananlar var. Tərtər, Xızı və digər şəhərlər və rayonlara da raket hücumları edilib. Ermənistanın əsas məqsədləri Azərbaycanı daha çox insan itkisinə məruz qoymaqdır. Bununla Ermənistan Azərbaycanı təxribata çəkmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək istəyir”, - deyə Elçin Əmirbəyov əlavə edib.
Azərbaycan tərəfindən guya əcnəbilərin döyüşdüyü barədə Ermənistan rəsmilərinin məlumatlarını təkzib edən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan Ordusu Ermənistandan 4 dəfə güclüdür. Bu cür feyk xəbərlər dünya ictimaiyyətini çaşdırmağa xidmət edir.
Birinci vitse-prezidentin köməkçisi Azərbaycanın haqlı mübarizəsində göstərdiyi dəstəyə görə Ukrayna dövlətinə təşəkkürünü bildirib. Qeyd edib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev