SİYASƏT
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
Kiyev, 16 oktyabr, AZƏRTAC
Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik dövlətdir və bunu Türk Şurasının Zirvə Görüşündə də bir daha sübut etdi. Azərbaycan, təkcə dünya neft bazarında deyil, həmçinin regionda lider dövlət kimi böyük rol oynayır.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün nəticələrini şərh edərkən Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko söyləyib.
Onun sözlərinə görə, Azərbaycan təbii sərvətlərdən gələn gəliri düzgün idarə etməklə təkcə Asiyada deyil, həm də Avropadakı ölkələrdən dost qazanmağın mümkünlüyünü göstərən nümunəvi ölkədir.
“Dünya dəyişir. Qloballaşma davam edir və ölkələrin, o cümlədən türk dövlətlərinin zamanla yeni reallıqlarda dəyişməsi çox vacibdir. Qloballaşma, ilk növbədə, milli adət-ənənələrini qoruyub saxlamaqla ölkələr və xalqlar arasındakı sərhədin aradan qaldırılmasıdır”, - deyə A.Oxrimenko əlavə edib.
Ukrayna Analitik Mərkəzin rəhbəri hesab edir ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü qloballaşan dünyada türk xalqlarının varlığı üçün yeni bir strategiyanın işlənib hazırlanmasına öz töhfəsini verəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev