ELM VƏ TƏHSİL
Ukrayna Elm və Texnologiya Mərkəzinin nümayəndələri Radiasiya Problemləri İnstitutunda
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Ukrayna Elm və Texnologiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və burada əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. O, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmasının əhəmiyyət kəsb etdiyini söyləyib.
Ukrayna Elm və Texnologiya Mərkəzinin nümayəndələri təmsil etdikləri təşkilatın fəaliyyətindən danışıb, RPİ ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Mərkəzin müvafiq qrant layihələrinin rəhbərləri, professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova layihə çərçivəsində ötən bir il ərzində görülən elmi-tədqiqat işləri barədə təqdimatla çıxış ediblər.