DÜNYA
Ukrayna hökuməti ölkə daxilində qırmızı zona rejiminin tətbiqi ehtimalını istisna etmir
Kiyev, 9 sentyabr, AZƏRTAC
Ukraynada koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə Səhiyyə Nazirliyi ölkə ərazisində qırmızı zona (gücləndirilmiş karantin məhdudiyyətləri olan zona) rejimini tətbiq edə bilər.
AZƏRTAC “RBK-Ukrayna” informasiya agentliyinə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyində əhalinin sağlamlığının hökumətin prioritet hədəfi olduğu üçün bu qərarın koronavirusa yoluxma hallarının artmasının qarşısının alınması məqsədilə qəbul edilə biləcəyi bildirilib.
Bununla yanaşı, Ukrayna hökuməti biznes qurumlarının fəaliyyətini məhdudlaşdırmamaq üçün gələcəkdə də adaptiv karantin yolu ilə hərəkət etməyi planlaşdırır.
Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, son gün ərzində ölkədə koronavirusa 2551 yeni yoluxma halı qeydə alınıb. Bu da koronavirusla bağlı vəziyyətin ciddi olduğunu göstərir. Bu xəstəliyə yoluxanların ümumi sayı 143 min 30 nəfərə çatıb.
Rüstəm Məmmədov
Kiyev