SİYASƏT
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Baydenin bəyanatı ilə əlaqədar telefon danışığını geniş işıqlandırıb
Kiyev, 25 aprel, AZƏRTAC
Ukraynanın aparıcı media orqanları aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına dair Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri, “Dialog”, “Asmedia”, “Gordon”, “Podrobnosti” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət başçısının bəyanatının tarixi səhv olduğu barədə fikirləri qeyd edilib. Materiallarda dövlətimizin başçısının Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyi, açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğu diqqətə çatdırılıb.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın fikirlərinə istinadla bildirilib ki, beynəlxalq hüquqda “soyqırımı” ifadəsinin istifadə edilməsi üçün tələb olunan şərtlərdən heç biri 1915-ci il hadisələrində yoxdur. 1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin dövri siyasi motivlərinə və ya daxili siyasi mülahizələrə görə dəyişə bilməz. Belə qərəzli münasibət tarixin yalnız kobud şəkildə təhrif olunmasına xidmət edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev