CƏMİYYƏT
Ukrayna mətbuatında Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc edilib
Kiyev, 17 iyun, AZƏRTAC
Ukraynanın “Kiyev Diplomatik” jurnalında soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, bu dahi, müdrik və qətiyyətli insanın liderliyi olmasaydı, gənc dövlətin taleyinin necə olacağını təsəvvür etmək belə çətindir.
Diqqətə çatdırılır ki, ümummilli lider Heydər Əliyevin zəngin tərcümeyi-halı parlaq və əlamətdar hadisələrlə doludur. Heydər Əliyev həssas və qayğıkeş insan kimi hər zaman xalqın sadə nümayəndələrinin ehtiyaclarına diqqətlə yanaşıb. O, məhz bu keyfiyyəti ilə ümumxalq məhəbbəti qazanıb. Heydər Əliyev həmişə xalqın yaradıcı, qurucu gücünə inanırdı. Onun müdrik həyat fəlsəfəsi hər zaman gördüyü böyük işlərdə təzahürünü tapırdı.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanda həyatın bütün sahələrində kəskin dönüş baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar oldu, parçalanma və dövlət çevrilişi təhlükəsi aradan qalxdı və hər şeydən mühüm olanı, Heydər Əliyev milli həmrəyliyə nail olmaqla öz doğma xalqını vahid ideologiya ətrafında birləşdirə, ona sabahkı günə inam hissi aşılaya bildi.
Məqalənin müəllifi qeyd edir ki, bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Azərbaycan Prezidenti Ümummilli Liderin vəsiyyətini yerinə yetirərək işğalda olan ərazilərimizi azad etdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev