CƏMİYYƏT
Ukraynada Azərbaycan multikulturalizminə həsr olunmuş tədbir keçirilib
Jitomir, 11 oktyabr, AZƏRTAC
Ukraynanın Jitomir şəhərindəki “Jitomir politexnikası” Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) üzvü Marina Qonçaruk ilə görüş keçirilib. O, BBMM-nin fəaliyyətinin və Azərbaycan multikulturalizmi konsepsiyasının təqdimatını edib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin birinci prorektoru, iqtisad elmləri doktoru, professor Oksana Oleynik Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzinin universitetdə fəaliyyətini məhsuldar adlandırıb. O deyib: “Mərkəz həmişə tələbələrə və tədbirlərin keçirilməsinə açıqdır. Biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa çox şadıq. Düşünürəm ki, tələbələrimiz üçün esse müsabiqəsində iştirak etmək maraqlı olacaq”.
Marina Qonçaruk çıxışında qeyd edib: “Azərbaycan multikulturalizmi konsepsiyası bütün dünyada qeyri-sabitlik və yaranan yeni təhdidlər fonunda xalqlara və ölkələrə dayanıqlı inkişaf yolu, dözümlülük, sülhsevərlik və tolerantlıq dəyərləri təklif edir. Multikulturalizm dəyərlərinin olmadığı cəmiyyətdə dini və etnik zəmində dözümsüzlüyün, ilk baxışda yad olan hər şeyin inkarı və qəbuledilməzliyi hallarının artması təhlükəsi yaranır. Multikulturalizm prinsipləri dinlərarası və etnik zəmində münaqişələrin qarşısının alınması, ksenofobiya və irqçiliklə mübarizədə mühüm rol oynayır və insanlığı faciələrdən qoruyaraq hüquqi və inkişaf etmiş dövlətlərin əsasını təşkil edən ümumbəşəri dəyərlərin rəhbər tutulmasını təmin edir. Dünyada miqrasiya və etnik zəmində böhranların yaşandığı bir vaxtda Azərbaycan humanizm və ümumbəşəri dəyərlərə söykənərək tolerantlıq və multikulturalizmin təbliği kimi yüksək missiyanı öz üzərinə götürüb, xalqlara və dövlətlərə milli-mənəvi, ümumbəşəri, humanizm dəyərlərinə söykənən dayanıqlı və ardıcıl inkişaf yolu təklif edir”.
BBMM-nin üzvü tələbələrə “Azərbaycan multikulturalizmi fundamental sülh və tolerantlıq konsepsiyasıdır” mövzusunda esse müsabiqəsinin şərtlərini də xatırladıb. Müsabiqənin üç qalibi Azərbaycanda multikulturalizm beynəlxalq məktəbinin yay və qış məşğələlərində iştirak edəcək.
Tədbirdə ictimai idarəçilik və hüquq, həmçinin biznes və xidmət sahələri fakültələrinin tələbələri iştirak ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Jitomir