CƏMİYYƏT
Ukraynada Çernobıl faciəsi zamanı azərbaycanlıların göstərdiyi xidmətlərdən danışılıb
İrpen, 27 aprel, AZƏRTAC
Ukraynanın İrpen şəhərində bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin - Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 33-cü ildönümü ilə əlaqədar matəm tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, İrpen şəhər meriyasının təşkil etdiyi anım tədbirində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.
Çernobıl hadisəsi zamanı azərbaycanlıların könüllü şəkildə köməyə gədiyini xatırladan A.Xudiyev bildirib ki, bu gün Azərbaycanda Çernobıl qəzasından əlil olan insanlara dövlət qayğısı olduqca böyükdür. Onların sosial təminatı yüksəkdir, bu insanlara mənzillər, avtomobillər verilir. Ümummilli lider Heydər Əliyevin Çernobıl hadisələri ilə bağlı xidmətlərindən danışan səfir qeyd edib ki, Ulu Öndər SSRİ dövründə qəzanın gizlədilməsinə edilən cəhdlərin qarşısını alaraq, ictimaiyyətə hadisəni olduğu kimi çatdırıb.
Azərbaycan və Ukrayna xalqlarının faciələrdə bir-birinə dəstək olduğunu vurğulayan İrpen şəhərinin meri vəzifəsini icra edən Anastasiya Popsuy bildirib ki, bu gün də bu ənənə davam etməkdədir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen