Ukraynalı politoloq: Belarus istiqamətindən Kiyevə hücum riski azdır
AzerTAg.az

Kiyev, 3 fevral, AZƏRTAC
Belarus istiqamətindən Kiyevə hücum riski azdır. Bu fikri AZƏRTAC-a müsahibəsində siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko söyləyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirib ki, Volınsk, Polessk, Severnyaya və Slobojansk istiqamətində rəqibin hücum qüvvələri aşkar olunmayıb. Bununla yanaşı, Belarus poliqonlarında düşmənin hərbi birləşmələri hazırlıq görürlər. Hərçənd Belarus tərəfi bu ölkənin və Rusiyanın silahlı qüvvələrinin regional qruplaşmasının aviasiya komponentinin birgə təlimlərinin başa çatdığını bəyan edib, “rəqibin aviasiya qruplaşmasının daimi bazası olan aerodromlara qayıtması qeydə alınmayıb”.
Ekspert əlavə edib: “Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin rəhbəri Andrey Yusovun bəyanatlarına görə, Rusiya Prezidenti belaruslu həmkarını müharibəyə cəlb etmək cəhdlərini davam etdirir. Bu, xüsusən yerüstü əməliyyatlara aiddir, lakin o, hələ ki, buna nail olmayıb. Belarus ərazisində hələ hücum qruplaşmaları formalaşdırılmayıb. Ukrayna müxtəlif ssenarilərə hazırdır”.
O.Buryaçenkonun fikrincə, şəraitin maksimal və dərin təhlili üçün həm də Müharibə Araşdırmaları İnstitutunun (ISW) 2023-cü il fevralın 1-də dərc etdiyi növbəti məlumatı öyrənmək lazımıdır. Orada açıq şəkildə qeyd olunub ki, Rusiya Ukrayna qoşun hissələrini şimal-şərq sərhədlərində saxlamaq cəhdlərini davam etdirir və transsərhəd reydləri hazırlaya bilər. Lakin Belarus istiqamətindən genişmiqyaslı hücum ehtimalı azdır. “Beləliklə, yuxarıda deyilənləri və Ukrayna tərəfinin, həmçinin ABŞ-ın ISW analitik mərkəzinin informasiyalarını nəzərə aldıqda, söyləmək olar ki, RF həqiqətən Belarus hərbi poliqonlarından öz qoşunlarının, əsasən bu yaxınlarda səfərbərliyə alınmış əsgərlərin hazırlığı məqsədilə istifadə edir. Ancaq Belarus ərazisində Rusiyanın əlavə qoşun hissələrinin toplaşması qeyd alınmayıb. Qeyd edib ki, Belarus poliqonlarında təlim keçən rus hərbçiləri adətən orada qalmır, onlar rotasiya qaydası ilə yerlərini dəyişir və sonradan müharibəyə göndərilmələri üçün RF ərazisinə qayıdırlar. Onların yerinə isə yeni səfərbər olunanlar gəlirlər”, -deyə ekspert bildirib.
Politoloq vurğulayıb ki, Belarus ərazisindən hər hansı istiqamətdə, istər Kiyev, istərsə də Lvova genişmiqyaslı hücum üçün Rusiyanın sadəcə hərbi potensialını cəmləşdirmək imkanı yoxdur. O əlavə edib: “Hamıya məlumdur ki, onları üçün Ukraynada “asan gəzinti” olmayacaq! Belarusla sərhəddə yollar, meşələr, çöllər, körpülər və infrastruktur obyektləri minalanıb, həmçinin müvafiq möhkəmləndirilmiş eşelonlar yaradılıb, tank əleyhinə xəndəklər qazılıb. Bütün bu tədbirlər Belarus ərazisindən mümkün təcavüzün qarşısını almaq üçün görülüb. İndi bunu deməyə əsasımız var ki, Ukrayna ordusu həmin istiqamətdən hər hansı aqressiv ssenariyə hazırdır. Bununla yanaşı qeyd etməliyəm ki, Ukraynanın hərbi-siyasi rəhbərliyi mövcud riskləri yaxşı dərk edir və sərhədboyu vəziyyəti öz nəzarəti altında saxlayır”.
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var