İQTİSADİYYAT
“Ulduz” şokolad fabrikinin məhsulları Səudiyyə Ərəbistanında keçirilən qida sərgisində nümayiş olunur
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycanın “Ulduz” şokolad fabrikinin məhsulları Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “FOODEX SAUDİ 2016” beynəlxalq qida sərgisində nümayiş olunur.
“Veysəloğlu” Şirkətlər Qrupundan AZƏRTAC-a bildiriblər ki, fabrik beynəlxalq sərgidə “Made in Azerbaijan” adı altında Azərbaycanı təmsil edir. Noyabrın 24-dək davam edəcək “FOODEX SAUDİ 2016” sərgisinə, ümumilikdə, dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin 450 brendi qatılıb.
Beynəlxalq sərgidə Azərbaycan ilə yanaşı, Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri təmsil olunurlar.
“Ulduz” fabriki özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub.