REGİONLAR
Ulu Öndərin ömür yolunun hər anı unudulmaz tarixdir
Lerik, 28 aprel, İlkin Adıyev, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları tərəfindən Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.
Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla anılıb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov məruzə ilə çıxış edərək bildirib ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim Ümummilli Lider Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir.
Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərt olduğu sovet dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç nədən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Ulu Öndərimizin həmin illərdə milli ruhun qorunması, milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər çoxşaxəli olduğu qədər də, saysız-hesabsızdır. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanıldı.
Qeyd olunub ki, bütün mənalı həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Konfransda çıxış edənlər “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.
Natiqlər Ümummilli Lider Heydər Əliyevin həm 1969–1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə, həm də 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində misilsiz inkişafın əldə edildiyini, azərbaycançılıq məfkurəsinin təşəkkül tapdığını, milli ruhun yüksəldiyini, milli özünüdərkin inkişafı, tarixi yaddaşın özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik hisslərinin güclənərək real siyasi amilə çevrildiyini, Azərbaycanın intibah dövrü yaşadığını bildiriblər.