CƏMİYYƏT


Ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi çox böyük problemlərdən, fəlakətlərdən xilas edib VİDEO

Bakı, 10 may, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini bir sözlə ifadə etmək olsaydı - ən düzgün söz xilaskarlıq olardı. Həqiqətən Ulu Öndər Azərbaycanı üzləşdiyi çox böyük problemlərdən, fəlakətlərdən xilas edib. Bu gün hər bir Azərbaycan vətəndaşı qəlbində Ümummilli Liderimizə əbədi heykəl qoyub.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin bərqərar edildiyini bildirən E.Nəsirov bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də köklü dəyişiklərin baş verdiyini deyib: “1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli Lider hakimiyyətə gəldi və o, çətin bir dövrdə ölkəmizi böyük fəlakətdən xilas etdi. Həmin dövrdə Azərbaycan xaos içində və dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə idi. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Bütün müharibələrin ən dəhşətlisi məhz vətəndaş müharibəsidir. Ölkədə aclıq hökm sürür, insanlar çörək maşınlarının arxasınca qaçırdılar. Ulu Öndər bizi o qaranlıq tuneldən çıxardı və xalqımızı xilas etdi. O zamandan başlayaraq Azərbaycanın inkişafının əsası qoyuldu. 1992-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 1174 faiz, 1993-cü ilin əvvəllərində 1081 faiz təşkil edirdi. Ümummilli Lider 1996-cı ildə Azərbaycanda iqtisadi inkişafı bərpa etdikdən sonra qısa zaman ərzində ölkəmizdə inflyasiyanın səviyyəsi 2,8 faizə düşdü. Bu isə Heydər Əliyevin dahi şəxsiyyətini bir daha sübut edir. O zaman, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri, Ulu Öndərə qarşı planlaşdırılan sui-qəsdlər, düşmənlər müxtəlif üsullardan istifadə edirdilər ki, Ümummilli Liderin Azərbaycanın inkişafı ilə bağlı tutduğu yoldan uzaqlaşdırsınlar”.

“Lakin heç biri çirkin niyyətlərinə nail ola bilmədilər. Çünki Ulu Öndərin arxasında ümumxalq sevgisi dayanır. Ümummilli Lider xalqına söykənərək müstəqil Azərbaycan dövlətinin siyasətini müəyyən etdi. Bu gün də hər bir Azərbaycan vətəndaşı, xalqımızın hər bir nümayəndəsi Ulu Öndərin nurlu xatirəsini ehtiramla yad edir. Bugünkü inkişaf və tərəqqimizin, sabitliyimiz və təhlükəsizliyimizin kökündə Ulu Öndərin müəyyən etdiyi siyasət dayanır. Prezidentimiz İlham Əliyevin də dəfələrlə çıxışlarında vurğuladığı kimi, bizim bütün qazandığımız nailiyyətlərin əsasında Ümummilli liderin müəyyən etdiyi siyasətə sadiqlik dayanır. Bunun nəticəsidir ki, Azərbaycan bu gün sürətlə inkişaf edir, beynəlxalq səviyyədə böyük bir nüfuza malik bir dövlətdir. Azərbaycan bu gün beynəlxalq aləmdə təkcə subyekt deyil, bir aktor səviyyəsində fəal oyunçudur. Avropanın enerji təhlükəsizliyində ölkəmiz çox böyük töhfələr verir. Ümumiyyətlə, dünyanın təhlükəsizlik təminatında ölkəmizin böyük töhfələri var. Bunun hər biri Ulu Öndərin müəyyən etdiyi siyasətdən qaynaqlanır, onun yolunun Prezidentimiz İlham Əliyev tərəfindən novatorcasına davam etdirməsindən qaynaqlanır”, - deyə Milli Məclisin deputatı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.