SİYASƏT
Ulu öndər Heydər Əliyevin xatirəsi Misirdə də yad olunub
Qahirə, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Səfirliyin əməkdaşları, Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”-in üzvləri Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyublar. Parkda yerləşən xeyriyyə təhsil ocağına gələn tədbir iştirakçıları burada dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş fotosərgi və Azərbaycan haqqında stendlər ilə tanış olublar.
Silsilə tədbirlər çərçivəsində ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi ilə əlaqədar məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzetlərində işıqlandırılıb.
Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edilib. Vurğulanıb ki, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmiz qısa müddətdə regionun aparıcı və ən güclü dövlətinə çevrilib, dünya dövlətləri sırasında layiqli yerini tutub. Ulu Öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğu diqqətə çatdırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə