SİYASƏT


Ülviyyə Ağayeva: Jurnalistlərin təhlükəsizliyi vacib məsələdir

Bakı, 6 iyul, AZƏRTAC

Jurnalistlərin təhlükəsizliyi vacib məsələdir. BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələri bu baxımdan mühüm sənədlərdir. Bu qətnamələrə əsasən silahlı münaqişələrdə iştirak edən jurnalistlər mülki şəxslər kimi təsnif edilir, bu şərtlə ki, mülki şəxslərə tətbiq edilən eyni müdafiə təmin olunmalıdır. Bu, ATƏT-ə üzv dövlətlər tərəfindən də ATƏT-in Milan Nazirlər Şurasının qərarında təsdiq edilib. Bu baxımdan, bütün jurnalistlər, media mütəxəssisləri və əlaqəli personal təhlükəli ərazilərdə maksimum ehtiyatlı davranmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva ATƏT PA-nın İngiltərənin Birminhem şəhərində keçirilən 29-cu illik sessiyasında çıxışında deyib.

Deputat qeyd edib ki, jurnalistlərin akkreditasiya məsələsi Helsinki Yekun Aktında əks olunub, həmçinin ATƏT-in öhdəliklərinə daxildir. Bir iştirakçı dövlətdən olan jurnalistin digər dövlətdə öz peşəsini yerinə yetirməsi üçün təhlükəsiz iş şəraitinin təmin edilməsi də digər mühüm mexanizmdir.

Ülviyyə Ağayeva bildirib ki, işğaldan azad edilmiş Azərbaycan torpağında 2021-ci ilin iyununda baş vermiş mina partlayışı nəticəsində iki azərbaycanlı jurnalist və bir yerli icra hakimiyyətinin nümayəndəsi həlak olub, daha dörd mülki şəxs isə ağır yaralanıb. Bu faciəvi hadisə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindəki minalarla bağlı bütün dəqiq məlumatların təcili təqdim edilməsinin vacibliyini kəskin xatırladır. Otuz il ərzində Ermənistan bu ərazilərə fərq qoymadan minalar yerləşdirərək, onları dünyanın ən çirklənmiş ərazilərindən birinə çevirib. Ermənistan tərəfindən yerləşdirilmiş minalar bu gün də dinc sakinləri, o cümlədən jurnalistləri öldürməkdə davam edir, məcburi köçkünlərin geri qayıtması üçün əlavə problemlərə səbəb olur, həmçinin genişmiqyaslı reabilitasiya və yenidənqurma işlərinə ciddi maneələr yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.