CƏMİYYƏT
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 13 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti (PVS) üzrə Ekspert Qrupu ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qurumun fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, müvafiq sahədə həyata keçirilən dövlət tənzimləməsi və nəzarəti barədə ətraflı məlumat verilib.
Agentliyin sədri qida təhlükəsizliyi sahəsində normayaratma fəaliyyəti, qida zəncirinin bütün mərhələlərini əhatə edəcək yeniliklər, onların tətbiqindən gözlənilən nəticələr barədə danışıb, qurumun müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı və sıx əlaqədə fəaliyyət göstərdiyini, bu baxımdan, OIE ilə qurulan əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Ekspert Qrupunun rəhbəri Sabine Hutter və OIE-nin Avropa üzrə regional ofisinin rəhbəri, quduzluq xəstəliyi üzrə ekspert Budimir Plavsic Azərbaycanda heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən baytarlıq sistemində beynəlxalq standartların təmin olunması ilə əlaqədar görülən işləri yüksək dəyərləndirib, birgə fəaliyyətin qarşıdakı illərdə daha səmərəli nəticələr verəcəyini bildiriblər.
Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov PVS aləti üzrə qiymətləndirilmənin milli baytarlıq sistemlərinin dünyada və beynəlxalq təşkilatlarda tanınmasının əhəmiyyətindən bəhs edib. Son dövrlərdə ölkənin bioloji təhlükəsizliyinin təmin edilməsi yolu ilə ümumi epizootoloji salamatlığa töhfə verilməsi sahəsində ciddi tədbirlərin həyata keçirildiyi, baytarlıq laboratoriya sisteminin yüksək standartlara uyğun qurulduğu qeyd olunub. Eyni zamanda baytarlıq xidməti və nəzarətinin sərhədləri müəyyənləşdirilməklə hüquqi baza yaradılaraq xidmətdə özəlləşdirilmə aparılıb, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qurulmağa başlanılıb, heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində aparılan işlər genişləndirilməklə OIE ilə əməkdaşlıq daha da möhkəmləndirilib.
Görüşdə qeyd edilib ki, OIE-nin milli və regional səviyyədə həyata keçirdiyi qiymətləndirmə ölkəmizin heyvan, heyvan mənşəli məhsul və xammalın istehsalı, emalı, satışı və saxlanılması müəssisələri, baytarlıq təhsili müəssisələri, elmi-tədqiqat institutları, iri və xırda fermer təsərrüfatları üçün geniş imkanlar yaradacaq. Həmin tədbirlər nəticəsində beynəlxalq uyğunlaşma və sertifikatlaşdırma prosesləri asanlaşdırılacaq, eyni zamanda baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, idxal-ixrac prosedurlarının daha da genişləndirilməsi mümkün olacaq.