ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
Bakı, 24 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər mayın 24-dən 31-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:
- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;
- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) vermiş və müsabiqə şərtlərini ödəmiş, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.
Ərizə qəbulu mayın 31-i saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan istifadəçi adı və parolu ilə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.
Aprelin 5-dən 25-dək ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.