ELM VƏ TƏHSİL
“Ümummilli Lider Heydər Əliyev və Gəncə”- respublika konfransı
Bakı, 8 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, konfransa respublikanın elm və ali təhsil ocaqlarından alim və tədqiqatçılar qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsinin önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Sonra qonaqlar AMEA-nın Gəncə Bölməsində Ulu Öndərin Azərbaycanın quruculuq strategiyasının çoxistiqamətli tədqiqi yönündə ərsəyə gətirilmiş monoqrafiya, kitab, kataloq və digər elmi nəşrlər, eləcə də Heydər Əliyevin bu şəhərə tarixi səfərlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Konfrans AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış “Heydər Əliyev və Gəncə” filminin nümayişi ilə başlanıb.
Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın, milli-mənəvi dəyərlərimizin intibahı, eləcə də Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib, elmi toplantının da bu məqsədlərə xidmət edəcəyinə əminliyini bildirib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev böyük elmi və ictimai əhəmiyyət kəsb edən bu konfransın təşkili üçün AMEA Gəncə Bölməsinin əməkdaşlarına və akademik Fuad Əliyevə minnətdarlıq bildirib. A.Tağıyev Ulu Öndərin Azərbaycanın inkişaf strategiyasında Gəncənin roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə qovuşduğunu qeyd edib.
İki gün davam edən respublika konfransında professor Sevda Qurbanəliyeva “Ulu Öndərin milli-mədəni intibah amalı və Gəncənin musiqi mədəniyyəti”, tarix elmləri doktoru Həsənbala Sadıqov “Heydər Əliyevin Gəncədəki nitqi tarixi mənbə kimi”, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Gəncə: Ulu Öndərin sevimli şəhəri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Ulu Öndər Heydər Əliyevin ictimai-ədəbi fəaliyyətində Gəncənin klassik mütəfəkkirlərinin yeri” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin “Heydər Əliyevin Gəncə şəhərinə xüsusi münasibəti - Nizami yurduna və irsinə məhəbbətin təzahürü kimi”, “Heydər Əliyev multikulturalizmin Azərbaycan modelinin formalaşmasında rolu”, “Ulu Öndər Heydər Əliyev və müstəqillik dövründə Gəncə şəhərinin sosial iqtisadi həyatı”, “Heydər Əliyev: Azərbaycançılıq və xalqlar dostluğunun təbliğinə dair (1969-1993- cu illər)”, “Heydər Əliyev müasir Gəncə tarixinin qurucusu kimi”, “Ulu Öndər Heydər Əliyevin Azərbaycan elm və mədəniyyətinin inkişafında rolu”, “Azərbaycanda Heydər Əliyev torpaq siyasəti: nəticələr, yeni çağırışlar” və digər mövzularda məruzələr dinlənilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.