SİYASƏT
Ümummilli Liderin yürütdüyü müdrik siyasət nəticəsində dövlətlə xalqın birliyi təmin edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
BSU-nun rektoru, professor Nurlana Əliyeva xalqımızın dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan 70 il sonra yenidən öz müstəqilliyini qazana bilib.
Rektor deyib ki, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və yürütdüyü müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə son qoyulub, dövlətlə xalqın birliyi təmin edilib.
Əlamətdar gün münasibətilə hər kəsi təbrik edən rektor dövlət müstəqilliyimizin daim olmasını arzulayıb, gəncləri Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin ətrafında birləşməyə səsləyib.
Digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən danışıblar. Ümummilli Liderin siyasi yolunun Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyi vurğulanıb.
Sonra “Azərbaycan təhsili. Müstəqilliyimizlə bağlı nailiyyətlər” adlı videoçarx nümayiş etdirilib.
Mərasim bədii hissə ilə başa çatıb.