ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusudur
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri bu elm müəssisəsinin direktoru, akademik Validə Əlizadə açaraq Ulu Öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, bütün sahələrdə hərtərəfli inkişafa nail olunub. Ümummilli lider Heydər Əliyev məqsədyönlü siyasi fəaliyyəti ilə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olub. Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət ölkəmizin iqtisadi və siyasi tərəfdən sürətlə inkişaf etməsinə istiqamətləndirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini Eldar Novruzov Ümummilli Liderin uzaqgörən siyasətinin nəticələrindən, onun Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışıb.
Eldar Novruzov Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndən sonra ilk görüşünü məhz AMEA-da Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.
Tədbirdə AMEA-nın professoru Dilzara Ağayeva, institutun ümumi işlər üzrə direktor müavini İmran Babayev görkəmli dövlət xadiminin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar.
Sonda ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olunub.