SİYASƏT
Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı ilə bağlı xidmətləri heç vaxt unudulmayacaq
Bakı, 5 may, AZƏRTAC
Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mayın 5-də Çilov adasında ağacəkmə aksiyası keçirilib.
YAP Pirallahı rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, aksiyada 500-dən çox şam və zeytun ağacı əkilib. Ağacların Çilov adasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunub. Həmçinin əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
Aksiyadan sonra tədbir iştirakçıları Çilov Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Mərkəzdə keçirilən tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmazdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çoxlu sayda görkəmli dövlət xadimi və şəxsiyyət var. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi tarixə həkk olub. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı ilə bağlı xidmətləri heç vaxt unudulmayacaq.
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, parlamentin səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, mədəniyyət komitəsinin sədr müavini, əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli və digərləri çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, onun ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, inkişafı istiqamətində gördüyü işlərə, Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin uğurlarına, perspektivlərinə toxunublar.
Çıxışlardan sonra bir qrup şəxsə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları təqdim olunub. Tədbir tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.