REGİONLAR
Uşaqların IV Ümumrespublika Forumuna daha altı rayondan iştirakçılar seçilib VİDEO
Bakı, 8 aprel, Xanım Nağıyeva, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu il Azərbaycanda keçiriləcək Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək məktəblilərin seçilməsi məqsədilə regional görüşlər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti belə görüş Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Şamaxı, Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir və Qobustandan olan uşaqlarla müsahibələr aparılıb. Hər bir rayondan fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki uşaq forumda iştirak etmək hüququ qazanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək bildirib ki, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.
Görüşdə, həmçinin AZƏRTAC-ın Uşaq Bilik Portalının (www.portal.azertag.az) təqdimatı keçirilib. AZƏRTAC-ın əməkdaşı Xanım Nağıyeva çıxış edərək portal barədə məlumat verib. Bildirib ki, 2013-cü ildən fəaliyyət göstərən portal müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. Portalda tarix, mədəniyyət, elm və digər mövzular, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar təqdim olunur, “Azərbaycan”, “Xəbərlər”, “Ensiklopediya”, “Bizi əhatə edən dünya”, “Nənənin sandıqçası” və digər bölmələr fəaliyyət göstərir.
Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.
Sonra Uşaq Bilik Portalına həsr olunan videoçarx təqdim edilib.
Tədbir çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi də keçirilib. Bu mərhələdə altı rayonu təmsil edən komandaların tərkibinə daxil olan şagirdlər mübarizə aparıb.
Yarışda fərqlənən İsmayıllı komandası final turunda iştirak etmək hüququ qazanıb. Final yarışları aprel ayında Bakıda keçiriləcək.
Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.