İDMAN


V Asiya Oyunlarının başlanmasına 30 gün qalır

Aşqabad, 18 avqust, Samirə Allahverdiyeva, AZƏRTAC

Türkmənistan sentyabrın 17-27-də Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının başlanmasına 30 gün qalmasını təntənəli surətdə qeyd edib.

AZƏRTAC xəbər verir ki, şəhər şadyanalıq içindədir. Axı hamı Mərkəzi Asiyanın tarixində çox böyük tədbirə - 65 nümayəndə heyətinin üzvü olan 6 mindən çox idmançının 21 idman növü üzrə mübarizə aparacağı multiidman yarışlarına hazırlaşır.

Bu münasibətlə yerli və xarici KİV-lərin nümayəndələri, o cümlədən Azərbaycandan olan jurnalistlər bayram şənliklərinə dəvət ediliblər. Onlar Oyunlar zamanı iki gün ərzində konkur yarışlarının keçiriləcəyi Beynəlxalq Atçılıq İdmanı Kompleksində, sonra Aşqabadın yaxınlığında yerləşən qədim “Nisa” qalasında olublar. Parfiya dövrünə aid bu unikal tarixi abidənin 2 min ildən çox yaşı var.

Elə həmin gün daha bir bayram - Türkmənistan Yemişi Günü qeyd edilib. Bu milli bayram Türkmənistanda 1994-cü ildə təsis edilib. Ənənəyə görə, həmin gün bütün ölkə ərazisində konsertlər, yarmarkalar, idman tədbirləri və sərgilər təşkil olunur. Tədbirlərə gələn qonaqlara 400-dən çox yemiş növü təklif edilir.

Bayram tədbirlərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da iştirak edib. Onu hökumətin üzvləri, hərbi və hüquq-mühafizə orqanlarının rəhbərləri, diplomatlar və jurnalistlər müşayiət ediblər.

Aşqabadın Olimpiya şəhərciyində də bayram tədbirləri keçirilib. Burada ölkənin müxtəlif regionlarında yetişdirilən elit yemiş, qarpız və balqabaq sortları nümunələrindən, habelə meyvə və tərəvəzdən hazırlanmış müxtəlif məhsullardan ibarət sərgi açılıb.

Olimpiya şəhərciyinə gələn qonaqları ağzına qədər yüklənmiş qarpız və yemişlərlə orijinal tərtib edilmiş arabalar və nəhəng səbətlər qarşılayıb.

“Aşqabad-2017” Oyunlarının iştirakçısı olan ölkələrin yeməklərindən ibarət beynəlxalq sərgi də elə burada təşkil edilib.

Kulinariya şousunda iştirakçı ölkələrin, habelə qaçqınlar yığmasının və daha iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin qastronomiya adətləri təqdim edilib. Milli mətbəxlər bayramının təşkilinə Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqı sistemindən təqribən 20 restoranın əməkdaşları cəlb olunub.

Əvvəlcə birinci, sonra ikinci mərtəbədə sərgiyə tamaşa edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov xarici ölkələrin mətbəxlərinin bəzi yeməklərinin hazırlanması qaydaları, yeyinti məhsullarının emalı spesifikası, yeməklərin dadının harmoniyasına nail olmaq texnologiyası ilə maraqlanıb.

Hər bir ölkənin bayrağı altında 4-6 və daha çox adda yemək təqdim edilib. Mərkəzi Asiya xalqlarının, məsələn, kabab və ya plov kimi oxşar yeməkləri var, amma milli kulinariya üsulları, ədviyyatdan istifadə və s. sayəsində onlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Tədbir iştirakçıları maraq doğuran qeyri-adi, yaxud əksinə, türkmənistanlı aşpazların bişirdiyi dadlı yeməkləri, böyük səy və kreativliklə hazırlanmış orijinal salatları və desertləri dequstasiya etməklə bərabər, xudmani masa arxasında əyləşib xoşlarına gələn yeməyi menyudan sifariş edə bilərdilər.

Türkmənistanlıların sözlərinə görə, Azərbaycan milli mətbəxi çox zəngin və özünəməxsusdur: ənənəvi dolma və dovğa, paxlava elə dadlı-ləzzətli görünür ki, onların yanından laqeyd keçmək mümkün deyil.

Türkmənistan Prezidenti vurğulayıb ki, qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının iştirakçılarına və qonaqlarına xidmət mədəniyyəti, o cümlədən onların qidalanması ən yüksək səviyyədə olmalıdır. Bununla əlaqədar olaraq, Türkmənistan dövlətinin başçısı atletlər üçün rasion tərtib edən mütəxəssisləri elmi baxımdan yoxlanılmış prinsiplər tətbiq etməyə, özü də bu prinsipləri idman növünü, ayrı-ayrı məhsulların idmançıların fiziki hazırlığına və çox yüksək nəticələr qazanmalarına təsirini nəzərə almaqla tətbiq etməyə istiqamətləndirib.

Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının startına bir ay qalması şərəfinə təşkil edilmiş tədbirin kulminasiyası yerli və xarici incəsənət ustalarının qala-konserti olub. Konsertdə minlərlə türkmənistanlının iştirak etməsi ölkənin idmana və sağlam həyat tərzinə sadiqliyini nümayiş etdirib.

Konsert populyar vokalçıların, Türkmənistan Dövlət Xorunun, birləşmiş yaradıcı ansambl və qrupların iştirakı ilə “Dostlar, Asiada gəldi!” mahnı-xoreoqrafiya kompozisiyası ilə açılıb. Aşqabad Asiadasının iştirakçısı olan ölkələrin bayraqları konsert məkanına gətirilib. “Canlı şəkillər”dən təbrik, Türkmənistana, “Aşqabad-2017” Oyunlarına dəvət sözləri tərtib edilib.

Tamaşaçılara V Asiya Oyunlarına həsr olunmuş bir sıra premyera nömrələri təqdim edilib. Bu nömrələr süjetlərində yüksək nailiyyətlər idmanının, kütləvi bədən tərbiyəsi hərəkatının inkişafında, yüksək texnoloji idman infrastrukturunun yaradılmasında ölkənin uğurlarını, habelə Türkmənistanın turizm imkanlarını və qarşıdan gələn kontinental səviyyəli idman forumuna Aşqabadın hazırlığını əks etdirən yeni videokliplərin nümayişi ilə müşayiət olunub.

Türkmənistanın müasir reallıqlarını əks etdirən süjetli videocərgə ilə müşayiət olunan “Türkmenistanym” mahnısı konsertin sonuncu nömrəsi olub.

Sonra Prezident Qurbanqulu Berdiməhəmmədovun nəhəng monitorlardan səslənən “Bagt nury” və “Ýadymda” mahnıları böyük heyranlıqla qarşılanıb. Bu mahnıların ifasına konsert iştirakçılarının da qoşulması şənliyə xüsusi ab-hava və şövq qatıb.

Bayram axşamı Aşqabad səmasını işıq saçan saysız-hesabsız ulduzlarla bəzəyən möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Xatırladaq ki, “Aşqabad-2017” Oyunlarının açılış mərasimi sentyabrın 17-də, bağlanış mərasimi sentyabrın 27-də Aşqabad Olimpiya Stadionunda olacaq.

Tezliklə bütün dünyanın tamaşa edəcəyi bu idman bayramının intizarında olan Türkmənistan xalqı sözün həqiqi mənasında bu hadisə ilə yaşayır. Çünki V Asiya Oyunlarının keçirilməsi türkmən xalqının zəngin tarixi irsini nümayiş etdirəcək. İdmana məhəbbət türkmənlərin qanındadır. Türkmən xalqı atçapma, güləş, atəşaçma, tullanma, qaçış, ağırlıqqaldırma yarışlarını və digər yarışları sevir.

Əzəli mənəvi qaynaqlara qayıdış, türkmən xalqının zəngin idman irsinin qorunub saxlanılması və çoxaldılması cəmiyyətin müasir inkişafının priotetləri sırasında olub və bundan sonra da olacaqdır. Prezident Qurbanqulu Berdiməhəmmədov vurğulayıb: “İdman gücün, sağlamlığın, harmoniyanın, ruhun yeni üfüqlərə can atmasının təcəssümüdür”.

“Aşqabad-2017” Oyunları indiyə qədər Türkmənistan ərazisində keçirilən ən böyük idman tədbiri olacaq. 12 gün ərzində 15 idman qurğusunda 21 idman növü - şahmat, futzal, tennis, muay-tay (tay boksu), sanbo, kuraş, ciu-citsu, boulinq, velosiped idmanı (trek), üzgüçülük, 3x3 basketbol, ağır atletika, yüngül atletika, taekvando, idman rəqsləri, kikboksinq, qurşaqtutma, yunan-Roma və sərbəst güləş, bilyard, konkur, türkmənlərin milli güləş növü - qoreş üzrə yarışlar keçiriləcək.

Türkmənistan Orta Asiya regionunda qapalı məkanlarda döyüş növləri üzrə Asiya Oyunlarının keçirilməsi hüququnu alan ilk ölkədir. Aşqabada bu hüquq 2010-cu il dekabrın 19-da verilib. Bu barədə qərar Küveytin paytaxtında elan edilib. Asiya Olimpiya Şurası və Türkmənistan Milli Olimpiya Komitəsi arasında ikitərəfli sənəd imzalanıb. Asiya Olimpiya Şurasının bayrağı 2013-cü il iyulun 6-da rəsmi surətdə İçxon şəhərindən Aşqabad şəhərinin hakiminə verilib.

2013-cü ilin yanvarında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2017-ci ilin qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında qərar imzalayıb. 2013-cü il dekabrın 18-də V Asiya Oyunlarının Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Oyunları ən yüksək səviyyədə keçirmək məqsədi ilə V Asiya Oyunlarına hazırlıq üzrə İcraiyyə Komitəsinin yaradılması haqqında qərar qəbul edilib.

Asiya Oyunları Orta Asiya regionunda analoqu olmayan unikal obyektlərdən birində - Olimpiya şəhərciyində keçiriləcək. Şəhərciyə müxtəlif təyinatlı 30-dan çox obyekt, o cümlədən Paraolimpiya Kompleksi və Tibbi Bərpa Mərkəzi daxildir. Olimpiya şəhərciyinin ümumi qiyməti 5 milyard ABŞ dollarıdır.

Alov estafeti Türkmənistanın bütün regionlarını əhatə edəcək. Türkmənistan ərazisi üzrə Alov estafetinin ümumi məsafəsi 4573 kilometr təşkil edəcək.

Oyunlarda 62 ölkənin Milli Olimpiya Komitələri (Asiya Olimpiya Şurası və Okeaniya Milli Olimpiya Komitələri) iştirak edəcək.

Gözlənildiyinə görə, Asiadada iştirak etmək üçün Aşqabada gələn qonaqların, o cümlədən idmançıların, jurnalistlərin və s. ümumi sayı 8 min nəfərdən çox olacaq. Bundan əlavə, Oyunlara 8 mindən çox könüllü cəlb ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.