CƏMİYYƏT
Vaksinasiya ilə bağlı təbliğat kampaniyası çərçivəsində hazırlanan növbəti videoçarx gənclərə həsr olunub VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə birlikdə vaksinasiya ilə bağlı təbliğat kampaniyası həyata keçirir. Kampaniyanın əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir.
Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.
AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx gənclərin gündəlik və əyləncə həyatları ilə bağlıdır. Uzun müddətdir ki, gənclər oxuduqları təhsil ocaqlarına gedə bilmir, dostları ilə görüşmür və əylənmirdilər. Bu videoçarxa baxdıqda onların həyatında da çox şeyin dəyişdiyini aydın görmək mümkündür.
Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki — darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq.
Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılır.