İQTİSADİYYAT
Vaşinqtonda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişaf perspektivləri müzakirə edilib VİDEO
Vaşinqton, 17 noyabr, AZƏRTAC
Noyabrın 16-da Vaşinqtondakı “Yaxın Şərq İnstitutu” analitik mərkəzində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafı məsələlərinə həsr edilmiş seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mərkəzi Asiya və Qafqaz Tədqiqatları İnstitutu tərəfindən təşkil edilib. Professor Fredirik Starrın sədrlik etdiyi seminarda Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə departamentinin direktor müavini Yuxa Kaxkonen və BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd El-Qorçi çıxış ediblər.
Seminarda əsas müzakirə mövzusu BVF-in bu yaxınlarda dərc edilmiş “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişaf perspektivləri” adlı hesabatı olub. Ekspertlər qeyd ediblər ki, BVF-in proqnozlarına görə, bu region üçün inkişaf perspektivləri yaxşılaşır, lakin qlobal iqtisadi mühitin yaratdığı imkanlardan tam istifadə edilməsi üçün büdcənin daha artıq konsolidasiyasına nail olmaq, pul-kredit siyasətinin daha mükəmməl mexanizmlərinin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı üzrə səyləri davam etdirmək lazımdır.
Y.Kaxkonen neftin qiymətlərinin kəskin dəyişməsinin nəticələri və effektləri mövzusuna toxunaraq qeyd edib ki, region ölkələri tərəfindən müəyyən islahatlar aparılıb və qısamüddətli dövrdə iqtisadiyyatın sağlamlaşması müşahidə olunur. O daha sonra deyib ki, daha çox inkişaf etmiş ölkələrdə faiz dərəcəsinin artırılması həmin dövlətlərlə əməkdaşlıq edən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün çətinliklər yarada bilər.
M.El-Qorçi Azərbaycanın inkişaf perspektivlərindən söhbət açaraq bildirib ki, ölkə rəhbərliyi büdcələrin konsolidasiyası prinsipini əsas tutur. BVF nümayəndəsi Azərbaycan Beynəlxalq Bankının yenidən strukturlaşdırılması məsələsinə də toxunub. El-Qorçi Azərbaycanın gələcək inkişafı imkanlarından söhbət açaraq deyib ki, bu ölkədə iqtisadiyyatın şaxələndirilməsi üçün əsasən kənd təsərrüfatı, əlverişli iqlim şəraiti və qeyri-neft sektorunda istehsalın artırılması sayəsində böyük potensial mövcuddur. O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun 11 əsas istiqaməti üzrə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə “Azərbaycan-2020” inkişaf konsepsiyası qəbul edilib.
Tədbirin sonunda ekspertlər seminar iştirakçılarının suallarına cavab veriblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton