İQTİSADİYYAT
Vaşinqtonda Xəzər regionu ölkələrində iqtisadi fəallığın bərpası üzrə virtual forum keçirilib
Vaşinqton, 1 iyul, AZƏRTAC
Vaşinqtonda Xəzər regionu və Mərkəzi Asiya ölkələrində koronavirus böhranının iqtisadi nəticələrinə həsr edilmiş virtual forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirliklərinin dəstəyi ilə Xəzər Siyasi Mərkəzi tərəfindən təşkil olunmuş forumda ABŞ Dövlət Departamentinin, Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının, Beynəlxalq Valyuta Fondunun ekspertləri, habelə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistanı təmsil edən, öz ölkələrinin iqtisadi siyasətinə görə cavabdeh olan vəzifəli şəxslər iştirak ediblər. Tədbirdə Xəzər regionunda COVID-19 koronavirus pandemiyası ilə bağlı vəziyyət və bu pandemiyanın region ölkələrinin hökumətlərinin iqtisadi siyasəti üçün yarada biləcəyi potensial nəticələr müzakirə edilib.
Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti tədbirdə giriş sözü söyləyib. O qeyd edib ki, tərəfdaşlar arasında davamlı əməkdaşlıq, həm qlobal, həm də regional miqyasda qarşılıqlı dəstək Xəzər regionunda iqtisadiyyatın bərpası üçün böyük əhəmiyyət kəsb edir.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın moderatorluğu ilə keçirilən vebinar diskussiyalarında ABŞ Dövlət Departamentinin iqtisadi və işgüzar məsələlər bürosunda ticarət siyasəti və danışıqlar üzrə katibin köməkçisinin müavini Devid Mil, ABŞ Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının baş icraçı direktorunun müşaviri Kaleb Makkarri, Əfqanıstan Mərkəzi Bankının müdiri vəzifəsinin icraçısı və Əfqanıstan Prezidentinin böyük müşaviri Acmal Əhmədi, Azərbaycan İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Qazaxıstandakı Astana Beynəlxalq Maliyyə Mərkəzinin baş iqtisadçısı Baur Bektemirem, Türkiyə Ticarət Nazirliyinin baş direktorunun müavini Fuat Qasımcan, Özbəkistan İnvestisiyalar və Xarici Ticarət nazirinin müavini Şöhrət Vəfayev, Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya üzrə müşaviri, Azərbaycan və Türkmənistan üzrə missiyanın rəhbəri Natalya Tamirisa və Bakıdakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədrinin müavini Esmira Cəfərova iştirak ediblər. Tədbir iştirakçıları Xəzər regionundakı cari vəziyyəti müzakirə edib, region ölkələrinin rəhbərliyi tərəfindən pandemiyanın iqtisadi nəticələrinə qarşı mübarizə tədbirlərinin dəstəklənməsi və müəssisələrin fasiləsiz fəaliyyətini təmin edən cavab tədbirləri barədə fikir mübadiləsi aparıblar.
Xəzər regionu ölkələrinin çoxu sosial məsafə gözlənilməsi ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi və bu tədbirlər nəticəsində yaranan hər hansı neqativ nəticələrin aradan qaldırılması üçün çoxsahəli kompleks proqramın tətbiq edilməsi sayəsində virusun yayılmasını zəiflədə biliblər.
Azərbaycan İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib: “Tikinti sahəsi, mədənçıxarma sənayesi, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat və logistika, telekommunikasiya, kənd təsərrüfatı və aqrobiznes, habelə daxili və regional turizm sahələri pandemiyanın nəticələrinin aradan qaldırılması üçün bizim iqtisadi siyasətin əsas prioritetləridir”.
Regionun bəzi ölkələrində pandemiya səbəbindən iqtisadi fəallığın azalmasının nəticələrini aradan qaldırmaq üçün vergi sahəsində, kommunal xidmətlər və faiz dərəcələri üçün güzəştlər tətbiq edilib. Spikerlər bu təşəbbüslərin dəstəklənməsi üçün Xəzər regionu ölkələri ilə Birləşmiş Ştatlar arasında regional əməkdaşlığın vacibliyini vurğulayıblar. Diskussiyanın bəzi iştirakçıları virusun yayılmasının azaldılmasına yönəlmiş yeni normativ aktların tətbiq edilməsi ilə yanaşı, bütün pandemiya müddətində transsərhəd ticarətin dəstəklənməsinə, əsas təchizat xətlərinin açıqlığının təmin edilməsinə və regional əməkdaşlığa yönəlmiş səylərin əhəmiyyətini qeyd ediblər.
AZƏRTAC-ın Vaşinqton bürosu