ELM VƏ TƏHSİL
Vebinar: Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində” mövzusunda vebinar keçirib.
Bu barədə AZƏRTAC-a ARTİ-dən bildirilib. Qeyd olunub ki, vebinarda Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Laləzər Cəfərova məktəbəqədər təhsilin mövcud vəziyyəti və quruluşu ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, tədqiqatlar “Ailədən və məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqların hazırlıq səviyyələrinin müəyyənləşdirilməsi”, “Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqaməti”, “Məktəbəhazırlığın 1-ci siniflərdə şagird nailiyyətinə təsiri”, “İcma əsaslı məktəbəqədər təhsil” və digər mövzuları əhatə edib.
ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəhbəri İlahə Rəsulova isə 0-5 yaş aralığında məktəbəqədər təhsilin vacibliyi haqqında danışıb. Qeyd edib ki, bu yaş dövründə beyinin zehni, fiziki, sosial-emosional baxımdan sürətlə inkişaf etməsi, müsbət davranış, diqqət, sevgi və sağlam mühitin uşağın daha pozitiv inkişafına təsiri, beynəlxalq qiymətləndirmələrin nəticələrinə əsasən məktəbəqədər təhsillə şagird nailiyyəti arasında müsbət əlaqənin mövcudluğu diqqət yetirilməli vacib məqamlardır. Dördüncü sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə əsasən məlum olur ki, şagirdlərin oxuyub-anlama qabiliyyətinə bir sıra faktorlar təsir göstərir. Bunlardan biri də məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlb olunmasıdır. Layihə haqqında məlumat verən İ.Rəsulova icma əsaslı təhsil mərkəzlərinin uşaq bağçalarının iqtisadi baxımdan effektiv modeli olduğunu diqqətə çatdırıb. Uşaq bağçalarının kiçik modelini təqdim edən layihənin əsas məqsədi məktəbəqədər təhsilə cəlb olunanların sayını artırmaq və valideynlərin uşaqların həyatında rolunu təşviq etmək, valideyn ilə məktəb arasında əlaqələri yaxşılaşdırmaqdır. Hazırda 500 icma əsaslı məktəbəqədər təhsil mərkəzi fəaliyyət göstərir.
Sonda spikerlər vebinar iştirakçılarının suallarını cavablandırıblar.
Tədbirdə 150-ə yaxın ali və orta ixtisas təhsili müəssisəsinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxslər iştirak ediblər.