CƏMİYYƏT
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilib YENİLƏNİB
Konfransda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri seçilib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də “Bulvar Hotel”də Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov tədbirdə çıxış edərək konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkillik qurumlarının nümayəndələrinin və fərdi vəkillərin, dövlət və qeyri-hökumət təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirak etdiklərini bildirib.
Sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov qurumun 2012-2017-ci illərdə fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda Vəkillər Kollegiyası Rəyasət Heyətinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Çıxışlardan sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və müavinləri, eləcə də üzvləri vəzifələrinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, vəkil Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni sədri, Aydın Axundov və Pərviz Ələkbərov sədrin müavinləri seçiliblər. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, komissiyanın sədri seçilib.
Sonra gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin seçkinin nəticələri ilə bağlı protokollar, Vəkillər Kollegiyasına və vəkillik fəaliyyətinin tənzimlənməsinə dair bəzi sənədlərə əlavə və dəyişikliklər, habelə Vəkillər Kollegiyasının büdcəsi təsdiqlənib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni sədri Anar Bağırov bu vəzifəyə seçilməsində verilən dəstəyə görə minnətdarlığını bildirərək deyib: “Mənə göstərdiyiniz etimada görə hər birinizə təşəkkürümü bildirirəm. Növbəti illərdə bu etimadı layiqincə doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
A.Bağırov Vəkillər Kollegiyasının gələcək fəaliyyətinin əsas istiqamətlərindən danışıb, mövcud problemlər, nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib.
Konfransda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanovun “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: “e-məhkəmə” informasiya sistemi” mövzusunda, həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Fərhad Nəcəfovun HELP Proqramına dair təqdimatları keçirilib.