CƏMİYYƏT
Vəkillərin İntizam Komissiyası üzvlərinin Almaniyaya təcrübə səfəri başa çatıb
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə Almaniyada səfərdə olub.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, səfərin birinci günündə Kollegiyanın sədri Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan vəkillərinin nümayəndə heyəti Almaniya Federal Vəkillər Palatasının sədri Ulrix Vessel ilə görüşüb.
Görüşdə Anar Bağırov Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı aktual məsələləri diqqətə çatdırıb. Söhbət zamanı iki ölkənin vəkillərinin beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələlər, o cümlədən əməkdaşlığın perspektivləri müzakirə edilib.
Ulrix Vessel Anar Bağırovu 2019-cu ilin aprelində Almaniyada vəkilliyin inkişafı ilə bağlı keçiriləcək beynəlxalq təbirə dəvət edib.
Səfərin növbəti günlərində Azərbaycan nümayəndə heyəti tədbirlərdə vəkillərin intizam komissiyasının sədri Şahmar Məmmədovun rəhbərliyi ilə iştirak edib. Komissiyanın üzvləri Almaniya Arbitraj Məhkəməsinin hakimi xanım Monika Nöhre və işlər müdiri xanım Silvia Ruge ilə görüşüblər.
Görüşdə nümayəndə heyətinə Almaniyada vəkalət verənlər və onların vəkilləri arasında mülki hüquqla bağlı mübahisələrə arbitraj məhkəməsində baxılması qaydaları haqqında məlumat verilib. Həmçinin bu məsələlərlə bağlı Almaniyanın təcrübəsi müzakirə olunub.
Komissiya üzvlərinin Frankfurt şəhərinin Vəkillər Palatasının əməkdaşları ilə görüşündə şikayətlərə baxılması qaydasının hüquqi strukturu, şikayətlər, etirazlar şöbələrinin fəaliyyəti, dəftərxana tərəfindən prosesin hazırlanması, müşayiət edilməsi, yekunlaşdırılması və ləğvetmə proseduru barədə təqdimatlar dinlənilib, müzakirələr aparılıb.
“Dolce Lauda” vəkil bürosundakı görüşdə ikitərəfli hüquqi münasibətlər sahəsində vəkillərin məktublaşmasının milli xüsusiyyətləri, bu sahədə Almaniya ilə yanaşı, İtaliya, Fransa və digər Avropa ölkələrinin təcrübəsi barədə məlumat verilib.
Vəkil Rudolf Laudanın vəkilin davranışının yoxlanılması ilə bağlı ehtimal olunan müxtəlif proseslərlə bağlı keçirdiyi təlimdə məhkəmədə vəkillik işinin səmərəli həyata keçirməməsi ilə bağlı vəkilin məsuliyyətə cəlb edilməsinə dair iddialar, rüsumlar, mülkiyyət hüququ, şikayətlər ilə bağlı proseslərə baxılması sahəsində Almaniya təcrübəsindən danışılıb.
Azərbaycan nümayəndə heyətinin Hessen Federal Torpağının Vəkillər Məhkəməsinin prezidenti Yurgen Taşke ilə görüşündə vəkillik məhkəməsinin yurisdiksiyası və strukturu barədə məlumat verilib. Görüşdə Vəkillər Məhkəməsində baxılan konkret hallar, habelə bu məhkəmənin yurisdiksiyasına aid olan proseslərdə baş prokurorun rolu ilə bağlı məruzələr maraqla dinlənilib, proses müşahidə edilib.
Səfər nəticəsində İntizam Komissiyasının üzvləri Almaniyada vəkillərin intizam məsuliyyətinə cəlb olunması, vəkillər barəsində intizam icraatının başlanılması və araşdırmanın aparılması qaydaları, tətbiq edilən intizam tənbehlərinin növləri və intizam icraatı ilə əlaqədar digər hallarla tanışlıq, eləcə də təcrübə mübadiləsi aparmaq imkanına malik olublar.