SİYASƏT
Vəli Əliyev: Ümummilli Liderimiz Azərbaycan dilini, tarixini və mədəniyyətini müdrikcəsinə dünyaya tanıtdırdı
Bakı, 12 dekabr, Vüqar Qurbanoğlu, AZƏRTAC
Ulu öndər Heydər Əliyev təkrarolunmaz, özünəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Ümummilli Liderimiz Azərbaycan dilini, tarixini və mədəniyyətini müdrikcəsinə dünyaya tanıtdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev bildirib.
O qeyd edib ki, Ulu Öndərin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründəki çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına səbəb olub. “Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərdi. Müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etdi. O, kadrları xalqın qızıl fondu sayırdı. Ümummilli lider Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə o qədər bəxtəvərdir”,- deyə Vəli Əliyev bildirib.
“Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən zaman kəsiyi ərzində Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsi olduğunu deyən tarixçi alim vurğulayıb ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olub.
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılıb.