İQTİSADİYYAT
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib

Bakı, 29 mart, AZƏRTAC
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, "bir pəncərə" sisteminin tətbiqi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə tətbiq edilən vergi güzəştləri qeyri-rəsmi məşğulluğun azalmasına təkan verib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu sözləri Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov deyib.
İ.Həsənov qeyd edib ki, son rəqəmlərə əsasən, bu il 53 min nəfərədək vətəndaş iş yerini rəsmiləşdirərək əmək müqavilələri bağlayıb. Artım, əsasən, özəl sektorda baş verib. Çünki qeyri-rəsmi məşğulluq ən çox özəl sektorda, xüsusilə xidmət, tikinti sahələrində qeydə alınır. Buraya həmçinin müəyyən istehsal sahələri də aiddir: “Təhlillər nəticəsində müəyyən edilib ki, işləyən əhalinin orta hesabla 20 faizi qeyri-rəsmi fəaliyyət göstərir. Bu göstəriciyə taksi sürücüləri, restoranlarda, əyləncə mərkəzlərində çalışan xidmətçilər, ofisiantlar, tikinti obyektlərində çalışanlar, ev qulluqçuları, fərdi qaydada xidmət göstərənlər (məsələn, tamada, müğənni və sair), avtoservislərdə çalışanların böyük qismi aiddir. Onlar sırf qazanca işləyirlər, heç bir vergi ödəmirlər”.
Şöbə müdiri vurğulayıb ki, bu sahədə qanunvericiliyin dəyişdirilməsi, işəgötürənləri stimullaşdırmaq, eləcə də müəyyən iqtisadi metodlardan istifadə etmək yolu ilə əmək münasibətlərinin rəsmiləşdirilməsinə maraq yaradılması nəzərdə tutulub.