İQTİSADİYYAT
Vergi uçotunun ləğvi zamanı əmlak vergisi bəyannaməsi təqdim edilirmi?

Bakı, 31 mart, AZƏRTAC
Balansında sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən 3 avtonəqliyyat vasitəsi olan fərdi sahibkar tərəfindən vergi uçotunun ləğv edilməsi barədə vergi orqanına ərizə təqdim edildiyi halda, əmlak vergisi bəyannaməsi təqdim olunmalıdırmı?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarların balansında olan və sahibkarlıq fəaliyyətində istifadə edilən daşınar əsas vəsaitlərə görə əmlak vergisi hesablanır.
Fərdi sahibkar, həmçinin fəaliyyətinin ləğvi hallarında, vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.