İQTİSADİYYAT
Vergilər Nazirliyi işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
Bakı, 4 may, AZƏRTAC
Vergilər Nazirliyi işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib. Müsabiqənin test mərhələsində bir sıra yeniliklər də nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün əlavə sənəd qəbuluna aprelin 30-dan başlanılıb. Proses mayın 9-dək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyənlər Vergilər Nazirliyinin internet saytında elektron ərizə formasını doldurmalıdırlar. Beş gün ərzində isə namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir. Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 2017-ci ilin dekabrın 5-dən 30-dək qeydiyyatdan keçmiş və elektron ərizələri qəbul edilən vətəndaşların müsabiqədə iştirak hüququ saxlanılıb. Müsabiqənin test imtahanı mayın 26-da Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Bu mərhələdə bir sıra yeniliklər də planlaşdırılıb.
Müsabiqə Vergilər Nazirliyinin kadr ehtiyat bazasının formalaşdırılması üçün də nəzərdə tutulub. Vakant vəzifələrə təyin olunmamış namizədlərin kadr ehtiyatında saxlanma müddəti 2 ildir.